Yaşar Əliyev: Ermənistan Azərbaycan ərazisində yeni minalar yerləşdirməklə təcavüzkar siyasətini davam etdirir

Yaşar Əliyev: Ermənistan Azərbaycan ərazisində yeni minalar yerləşdirməklə təcavüzkar siyasətini davam etdirir

Ermənistan tərəfindən anti-Azərbaycan siyasətin davam etdirilməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Yaşar Əliyevin məktubunda göstərildiyi kimi, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalar yerləşdirməyi davam etdirməklə, bütün minalanmış sahələr barədə dəqiq və ətraflı məlumat verməkdən imtina etməklə bilərəkdən insanların həyatını təhlükə altına qoyur və münaqişədən sonrakı dövrdə reabilitasiyaya, yenidənqurma işlərinə və humanitar səylərə, habelə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına əngəl törətməyə çalışır. Bu siyasət nəticəsində münaqişədən sonrakı 2 il ərzində Azərbaycanın 260-dan çox dinc sakini və hərbi qulluqçusu minaya düşərək həlak olub və ya yaralanıb.

Azərbaycanlı diplomat qeyd edir ki, Ermənistanın bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və məsuliyyət doğurur. Ermənistan mina terrorizminə son qoymalı, bundan çəkinməli, özünün beynəlxalq hüquqa zidd əməlləri ilə vurulmuş ziyanı ödəməli, zərərçəkənlərə tam təzminat təqdim etməli və belə halların təkrarlanmayacağına zəmanət verməlidir.

İnsanların həyatını xilas etmək, regionda sülhü və inkişafı təmin etmək üçün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə səylərin daha da fəallaşdırılması məqsədilə beynəlxalq dəstəyin də artırılması prinsipial əhəmiyyət kəsb edir. Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Bütün münaqişə dövründə Ermənistan Azərbaycanın vaxtı ilə işğal edilmiş ərazilərində yüz minlərlə mina və digər partlayıcı qurğular yerləşdirib.

BMT-nin Baş katibinə müraciətdə deyilir ki, bu məruzə Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə minaların yerləşdirilməsinin davam etməsinə aydınlıq gətirir. Belə ki, bu yaxınlarda Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında minalardan təmizləmə əməliyyatlarının gedişində aşkar edilmiş piyadalar əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal edilib və deməli, Ermənistanla Azərbaycan arasında bütün hərbi əməliyyatlarının dayandırılması barədə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanandan sonra yerləşdirilib. Həmin sənədə əsasən, Ermənistanın üzərinə öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyi qoyulub. Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi onun təcavüzkar siyasətinin davam etdirilməsinə sübutdur.

Məktubda qeyd edilir ki, Ermənistanın bu hərəkətləri piyadalar əleyhinə minaların mülki əhali üçün yaratdığı humanitar təhlükəni daha da artırır. Çünki bu hərəkətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı bərpa və yenidənqurma işləri aparılmasına mane olmağa, habelə yüz minlərlə məcburi köçkünün təqribən 30 illik işğaldan və etnik təmizləmələrdən sonra öz doğma yurdlarına qayıtmasının qarşısını almağa yönəlib.

Məruzədə deyilir ki, cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var. Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. 2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında 3166 ədəd PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti PMN-E tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında PMN-2, E-001M və TM-62 tipli minalar da olub.

Bundan əlavə, 2022-ci il oktyabrın 3-də Azərbaycanın Laçın rayonunun Zabux və Sus kəndlərindəki evlərdə və həyətlərdə erməni hərbçiləri tərəfindən quraşdırılmış mina-tələlər aşkar edilib. PMN-E fuqaslarından ibarət olan bu minalar tələ-məftil vasitəsilə işə salınan əl qumbaraları ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə müvafiq olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycana qaytarılıb. Bu ərazilərdə fəal döyüş əməliyyatları aparılmayıb. Lakin Ermənistan öz qoşunlarını və qanunsuz məskunlaşan insanları çıxararkən orada mina-tələlər qoyub. Bu halda Ermənistanın yeganə məqsədi həmin əraziyə qayıdan dinc azərbaycanlı sakinlərə xəsarət yetirmək olub.

Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir. Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016 –cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

Məruzədə daha sonra qeyd edilir ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-ə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.

Erməni hərbçilər tərəfindən yerləşdirilmiş mina-tələlərlə bağlı 2022-ci ilin avqust ayında Laçın rayonunun yaşayış massivlərində baş vermiş yeni hadisələr əsla şübhə yeri qoymur ki, ermənilərin məqsədi azərbaycanlı dinc əhali arasında mümkün qədər çox insan tələfatına səbəb olmaqdır. Ermənistan beynəlxalq təzyiq nəticəsində 2020-ci ilə qədər minalanmış sahələr barədə bəzi məlumatları təqdim edib. Həmin informasiya 390.709 ədəd tank əleyhinə və piyadalar əleyhinə yerüstü mina və digər partlayıcı qurğular barədədir. Lakin bu məlumatlar Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarının cəmi 5 faizini və Azərbaycanda minatəmizləmə fəaliyyətinin qiymətləndirilməsi haqqında 2022-ci il dekabr ayı üçün Birləşmiş Millətlər Təşkilatının minatəmizləmə xidməti və inkişaf proqramı tərəfindən hazırlanmış hesabatda əks olunmuş yüksək təhlükəli olması təsdiqlənmiş rayonların üçdəbir hissəsindən azdır. Məruzədə deyilir ki, əslində minalanmış sahələr barədə Ermənistan tərəfindən təqdim olunmuş məlumatların yalnız 25 faizə yaxın hissəsi mötəbər olub. Buradan belə nəticə çıxır ki, işğaldan azad edilmiş ərazilərin yalnız 1,25 faizə yaxın hissəsində minalanmış sahələr barədə məlumatı etibarlı hesab etmək olar.

Yaşar Əliyev qeyd edir ki, Ermənistanın baş naziri lovğalanaraq Azərbaycana verilmiş informasiyanın (o vaxta qədər Ermənistan təqribən 200.000 yerüstü mina istehsal edib) Ermənistan tərəfindən yerləşdirilmiş minaların yalnız “cüzi bir hissəsini” təşkil edir. Buna baxmayaraq, Ermənistan minalanmış bütün sahələr barədə informasiyanı açıqlamağa və müvafiq sənədləşdirmə aparılmadan yerləşdirdiyi minaların axtarışında əməkdaşlıq etməyə maraq göstərmir. Avropa İttifaqı tərəfindən təyin edilmiş yerüstü minalar üzrə ekspertin Ermənistan tərəfindən yerüstü minalar barədə məlumatın açıqlanmasına yönəlmiş səyləri heç bir ciddi nəticə verməyib.

Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi Ermənistanın beynəlxalq, o cümlədən üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərinə ziddir. Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və Azərbaycana qarşı hərbi əməliyyatlara son qoymayıb. Bunun əvəzinə o, Azərbaycan ərazisində istehkamlar qurmağı və hərbi-mühəndis işləri aparmağı, o cümlədən piyadalar əleyhinə çoxsaylı minalar yerləşdirilməsini davam etdirir. Bu hərəkətlər beynəlxalq hüququn, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq humanitar hüququn yolverilməz şəkildə pozulmasıdır. Ermənistan buna görə məsuliyyət daşıyır.

Məruzənin sonunda qeyd edilir ki, Ermənistanın belə hərəkətləri nə regionda sabitliyə xidmət edir, nə də sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə.

AZƏRTAC-ın Vaşinqton bürosu