Bayram çadırında bahalı dovşan: -

Bayram çadırında bahalı dovşan: -

Hər il olduğu kimi, bu il də paytaxt Bakının bir çox ərazilərində Yeni illə əlaqədar bayram çadırları açılıb.

Çadırlar adətən metrostansiyalarının çıxışlarında qurulub və bayram ab-havasına uyğun bəzədilib.

TEREF.AZ bildirir ki, Cebhe.info-nun əməkdaşı “Koroğlu” metrostansiyasının çıxışında qurulan yarmarkaya baş çəkib və qiymətlərlə tanış olub.

Satıcıların sözlərinə görə, yarmarka yeni açıldığı üçün hələ ki, gələn-gedən çox deyil.

Gələnlər olsa belə, demək olar ki, alıcı yoxdur. Yarmarkaya daxil olan xanım alıcı qiymətlərin ötən illə müqayisədə münasib olduğunu deyib:

“İşləri avand olsun. Satışa yeni başlayıblar. Mən qiymətlərlə maraqlanmağa gəlmişəm. Zərlərin və oyuncaqların qiymətinə baxacağam”.

Qiymətlərə gəlincə, satıcı bildirdi ki, bu il bir çox bayram atributuna endirimlər edilib. Yeni ilin əsas bəzəyi sayılan şam ağacının qiyməti 2 manatdan başlayır və 60 manata qədər davam edir. Kiçik “şam ağac”ları 2 manat, daha böyük olanların qiyməti isə 35 manatdan başlayır. Amma 2 manata deyilən əslində zərlərdən düzəldilib.

“Şam ağacı”nın əsas bəzəklərindən sayılan zərlərin qiyməti isə 50 qəpikdən başlayaraq, 3 manata qədər davam edir.

“Şam ağac”ları üçün olan oyuncaqların qiyməti isə 1-15 manat arasında dəyişir.

Bundan əlavə, bayramın əsas bəzəklərindən olan “Şaxta baba” papaqlarının qiyməti 1.50 manatdan 5 manat arasında dəyişir.

2023-cü il “Dovşan ili” olduğu üçün yarmarkada üzərində dovşan olan bəzək əşyaları da satılır. Oyuncaq dovşanları 7 manatdan 50 manatadək tapmaq mümkündür. Bu isə onların ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir.

Qeyd edək ki, yarmarkalar ötən gün təşkil olunub və gələn ilin əvvəlinə qədər fəaliyyət göstərəcək.