Kartof sağlamlıq üçün faydasızdır? - AÇIQLAMA

Kartof sağlamlıq üçün faydasızdır? - AÇIQLAMA

Kartof gündəlik həyatımızda ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Amma çox vaxt həkimlər onun bəzi tərəfdən zərərli olduğunu, şəkərli diabet riskini artırdığını deyirlər.

Kartof həqiqətən zərərli tərəvəzdir?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Edith Cowan” Universitetinin alimləri kartofun sağlamlıq üçün zərərli olduğu iddiasını təkzib ediblər. Onlar bildiriblər ki, kartof haqqında mənfi rəylər ilk növbədə onun hazırlanma üsulu ilə bağlıdır.

Əvvəllər deyirdilər ki, kartofun hazırlanmasından asılı olmayaraq 2-ci tip diabetin inkişafını artırmaq potensialı var. Amma indi ekspertlər kartofun digər tərəvəzlər kimi faydaları olmasa da, sağlamlıq üçün heç bir risk daşımadığını bildiriblər.

Bunun üçün 54 mindən çox insanın məlumatları araşdırılıb və onların orqanizmi tam müayinə edilib. Araşdırma zamanı məlum olub ki, çox kartof yeyən insanlar kərə yağı, qırmızı ət, müxtəlif növ içkilər, yəni 2-ci tip diabetin inkişaf riskini artıran qidalar qəbul edir. Qısası, şəkər xəstəliyinin artması riski birbaşa kartofla bağlı deyil.

Mütəxəssislər kartofun şəkər xəstəliyinin qarşısını almadığını, amma sağlam bişirildikdə orqanizmə heç bir zərərinin olmadığını vurğulayıblar.