Zahid Oruc: Hansısa xalq öz dilindən məhrum edilməsi heç bir hüquqa sığmır

Zahid Oruc: Hansısa xalq öz dilindən məhrum edilməsi heç bir hüquqa sığmır

Azərbaycanın Zəfərinə münasibət dost və düşmənlərimizi müəyyənləşdirdi. Döyüş meydanında savaşımız başa çatsa da, digər sahələrdə davam edir. Biz bunu ölkəmizə qarşı təzyiqlərdə aydın görürük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc dekabrın 6-da Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı ilə keçirilən görüşdə bildirib.

İranda baş verən Xiyabani, Pişəvəri hərəkatlarından və onların uğursuzluğa düçar olmasının səbəblərindən danışan Zahid Oruc millətlərin və xalqların indi daha rasional olduğunu deyib.

“İran artıq əvvəlki İran olmayacaq. Çünki bu ölkənin iqtidarı öz haqlarını tələb edərək küçələrə çıxan əhalisini yaxşı tanımır. Əhali artıq molla rejimindən bezib və bunun mütləq bir sonu olacaq”, - deyə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri qeyd edib.

Zahid Oruc vurğulayıb ki, dil millətin varlığıdır və əgər hansısa xalq öz dilindən məhrum edilirsə, bu, heç bir hüquqa sığmır.

O bildirib ki, beynəlxalq hüquq müstəvisində mübarizəmizi davam etdirməliyik.