Brüssel ravinlərinin rəhbəri “Bakı Prosesi”nə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Brüssel ravinlərinin rəhbəri “Bakı Prosesi”nə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Tolerantlığı təşviq etmək, müxtəlif dinlərin nümayəndələrini bir araya gətirmək, onları görüşdürmək və bir-birinə tanıtmaq kimi vacib mövzuya həsr edilmiş konfransın təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu gün cəmiyətdə zorakılığın artmasının özü sual doğurur. Zorakılıq niyə bu qədər artıb? Çünki bir-birini tanımamaq insanı özünə qapılmağa, zorakılığa aparır. Bir-birini tanımamaq cəmiyyətdə zorakılığın artması ilə nəticələnir.

Bu fikirləri Brüssel ravinlərinin rəhbəri və Avropa İslahatlar Mərkəzinin Avropa İttifaqı institutlarında nümayəndəsi ravvin Albert Gigi “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfransda AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirilib ki, bu gün cəmiyyətlərimizdəki zorakılıqların səbəbi bir-birimizi tanımamağımızdır. Yəni, insanlar bir-birini tanıyanda tərəfdaş olurlar, bir-birilərini anlayır, birlikdə fəaliyyət göstərirlər. Nəticədə zorakılığı yer qalmır. Bu konfrans başqasını tanıtmaq ideyasına xidmət edir. Məhz bu baxımdan, bu konfrans çox vacibdir.

“Bu konfransın çox yaxşı tarixi var. Əslində, bu konfrans hələ 2008-ci ildən başlayır. Çünki həmin il Bakı Forumunda dinlər və mədəniyyətlər arasında dialoqun vacibliyi vurğulanıb və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi”nin əsası qoyulub. Bu təşəbbüsünə görə Azərbaycan Prezidentinə dərin təşəkkürümü bildirirəm. Çünki mövzunun nə qədər vacib olduğunu görən Prezident İlham Əliyev dinlər və mədəniyyətlərarası dialoqun təməlini qoymaqla insanların görüşməsinə imkan yaradıb. Bir-birini yaxşı tanımağın, birliyin vacibliyini vurğulayıb”, - deyə Avropa İttifaqı İnstitutlarında islahatlar üzrə ekspert Albert Gigi diqqətə çatdırıb.

A.Gigi vurğulayıb ki, Azərbaycanda diqqəti çəkən əsas məsələ tolerantlığı sözdə deyil, praktikada olmasıdır. Tolerantlığın əlaməti olan başqasına qarşı açıq olmaq və gündəlik yaşam bu ölkədə həyat tərzidir. Azərbaycandakı gözəl gündəlik həyat bu ölkəyə səfər edən hər kəsi heyran qoyur. Məscidin, sinaqoqun və kilsənin bir-birinin yanında olması, hər dinin inkişafına birlikdə yardım göstərmək, xeyirxah əməllərə xidmət etmək bu ölkənin ən böyük nemətidir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel