Latviyada “yağış”ı dayandırdılar: “Dojd” telekanalının lisenziyası ləğv edildi

Latviyada “yağış”ı dayandırdılar: “Dojd” telekanalının lisenziyası ləğv edildi

Rusiya hərbçilərinə dəstək çağırışı “Dojd” telekanalına baha başa gəlib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə qərarı Latviyanın Elektron KİV üzrə Milli Şurası qəbul edib.

Məlumata görə, Şuranın sədri İvars Abolinş bu qərarı ölkənin dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması ilə əlaqələndirib.

Qeyd olunur ki, bu ilin fevralına qədər Rusiya efir məkanında yer tutan müxalifyönlü “Dojd” telekanalı Ukraynaya qarşı hərbi təcavüzə başlanıldıqdan sonra fəaliyyətini Latviyanın paytaxtı Riqada davam etdirirdi.

Telekanalın lisenziyasının ləğvinə “Dojd” aparıcısının efirdən Rusiya hərbçilərinə dəstək xarakterli çağırışı səbəb olub. Rəhbərliyin həmin aparıcı ilə əməkdaşlığı dayandırması və materialın silinməsi haqda qərarına baxmayaraq, lisenziyanı qüvvədə saxlamaq mümkün olmayıb.

Şuranın digər qərarına əsasən, “Dojd”un Latviya ərazisində “YouTube” platformasında da yayımı bloklanacaq.