® Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib

® Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına həsr olunan dəyirmi masa keçirilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr-noyabr ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə, müraciətlərdə qeyd olunan problemlərin təxminən 70 faizdən çoxu öz həllini tapıb.

Həmçinin 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması, bu müraciətlərdəki problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim edilib. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, Azərbaycan Respublikası DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal, Nizami, Sabunçu, Abşeron, Xətai, Xəzər, Nəsimi və Biləsuvar rayon İcra hakimiyyətləri aiddir.

Digər 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə “Azərişıq” ASC-yə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Nərimanov, Masallı və Səbail rayon İcra hakimiyyətlərinə, Dövlət Reklam Agentliyinə təşəkkürnamələr təqdim edilib.

Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təşviqində göstərdiyi fəallığa görə Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə və “www.qht.az” saytının həmçinin “QHT” TV-in rəhbəri Cəsarət Hüseynzadə təltif olunub.

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş - 4” müsabiqəsinin qalibləri də (Eldəniz Mehrəliyev, Cavad Salmanlı və Səid Hüseynzadə) təltif edilib.