“Foxconn” iPhone 14 Pro istehsalını yanvarda bərpa edəcək 

“Foxconn” iPhone 14 Pro istehsalını yanvarda bərpa edəcək 

iPhone 14 Pro seriyalı smartfonların 85%-ə qədərinin yığıldığı Çjençjou şəhərindəki “Foxconn” zavodunun fəaliyyəti keçən ay əvvəlcə sanitar məhdudiyyətlər, sonra isə işçilərin iğtişaşları nəticəsində pozulub. Məlumatlı mənbələr bildirirlər ki, vəziyyət normallaşmağa başlayır və “Foxconn” yanvarın əvvəlinə qədər zavodun fəaliyyətini tam bərpa etməyi düşünür.

TED.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkət nümayəndələrinin sözlərinə görə, noyabr ayı regionda epidemioloji vəziyyət baxımından rübün ən çətin ayı olub, hazırda koronavirus infeksiyasının yayılması nəzarət altındadır.

Müxtəlif hesablamalara əsasən, noyabrda Çjençjoudakı zavodda “Apple” smartfonlarının istehsalı 30-80% azalıb. İşə qəbul prosesi qaydasında olsa, istehsalatı bərpa etmək üçün üç-dörd həftə vaxt lazım olacaq.

“Foxconn” vurğulayır ki, dördüncü rübün gəliri “bazar gözləntilərinə uyğun” olmalıdır. Keçən ay şirkət dördüncü rübün gəlirinə dair olduqca mühafizəkar bir proqnoz verib və göstəricilərin keçən ilin eyni dövründə uyğun qalacağını deyib.