Martın 13-də keçirilən buraxılış imtahanları ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çox ciddi narazılıqlar yaranıb. Azərbaycan dili və riyaziyyata aid suallar həm çox qəliz, dolaşıq, mürəkkəb strukturda hazırlanıb, həm də yenə də bir sual səhv verilib.
İngilis dili üzrə mütəxəssis Raqif Mərdanov Moderator.az-a açıqlamasında buraxılış imtahanında bu predmetlə bağlı salınan sualların çətinlik səviyyəsindən söz açıb:
“16 il pedaqoji sahədə fəaliyyət göstərirəm. daim DİM-in fəaliyyətini izlədiyim üçün əminliklə deyə bilərəm ki, Sovet dövründən qalan, korrupsiyaya yol açan sistem aradan qaldırılaraq test üsuluna keçdikdən sonra, qəbul imtahanlarında şəffaf imtahan sistemi qurulub. Bu baxımdan DİM-in şəffaf imtahan fəaliyyətini dəyərləndirirəm.
2018-ci ildən yeni sistemin tətbiqindən sonra imtahan suallarından açıq tipli sualların yoxlanılmasında problemlər yaşanır.
Ayın 13-də keçirilmiş buraxılış imtahanında ingilis dili ilə bağlı suallar digər fənlərə nisbətən qənaətbəxş idi.
İmtahan suallarını görmədiyim üçün ingilis dilindən konkret hansı problemlərin olduğunu deyə bilmərəm. Bu suala dəqiq cavab vermək üçün o sualları görməliyik. Təəssüf ki, DİM nə kitabçaları abituriyentə verir, nə də imtahan suallarını ictimaiyyətə açıqlayır. Bu barədə DİM-ə sual ünvanlasam da, məntiqə uyğun cavab ala bilməmişəm”.
İngilis dili üzrə digər mütəxəssis Aytən Vəliyeva da açıqlamasında sualların keyfiyyətini yüksək qiymətləndirib:
“Ötən imtahanda bizim abituriyentlər ingilis dilindən elə bir qəliz suala rast gəlməyiblər. Bəzi şagirdlər, əsasən, qrammatikada əvəzlik, zaman bu kimi mövzularda müəyyən çətinliklə qarşılaşsa da sualların ümumi vəziyyəti qənaətbəxş olub.
Ümumiyyətlə, ingilis dilindən həmişə normal suallar düşür, elə bir probelm yaşanmır. İmtahanda iştirak edən abituriyentlərin bizim fənlə bağlı heç vaxt xüsusi şikayətləri olmur. Onlar Dövlət İmtahan Mərkəzinin vəsaitləri üzrə hazırlaşırlar, imtahada da elə bir çətinlikləri çəkmirlər. Ötən illərdə olduğu ingilis dilindən mənzərə bu il də eyni idi”.
Rəna Nəbi