Dünyaşöhrətli müğənninin musiqi albomu işıq üzü görüb

Dünyaşöhrətli müğənninin musiqi albomu işıq üzü görüb

Məşhur amerikalı müğənni Uitni Hyustonun ölümündən sonra onun "I go to the rock" adlı musiqi albomu çıxarılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alboma kilsə musiqisindən ibarət 14 kompozisiya daxil edilib. Onların arasında “Testimony”, “I found a wonderful way”, “He can use me” və digər kompozisiyalar da var. Bu mahnılardan bəziləri ifaçı tərəfindən 1981-ci ildə 17 yaşında olarkən yazılıb. Albomda təqdim olunan studiya və konsert yazıları 1990-cı ildə hazırlanıb. Bəstələrin çoxu U.Hyustonla bərabər Corciya ştatının Makon şəhərinin Georgia Mass Choir xorunun iştirakı ilə lentə alınıb.

Albomla eyni vaxtda müğənniyə həsr olunan "I go to the rock: The Gospel music of Whitney Houston" adlı sənədli film də işıq üzü görüb.

Qeyd edək ki, Uitni Hyustonun ilk musiqi albomu 1985-ci ildə işıq üzü görərək, müğənniyə xeyli məşhurluq gətirib. Elə həmin ildə "Saving all my love for you" mahnısı U.Hyustona “Grammy” musiqi mükafatını qazandırıb. 2 il sonra ifaçı ikinci solo albomu olan "Whitney"i çıxarır. Həmin dövrdə bu albom say hesabı ilə 19 milyon ədəd satılaraq, gəlir baxımından rekorda imza atır. "I wanna dance with somebody", "So emotional", "Didn't we almost have it all" və "Where do broken hearts go" mahnılarının yer aldığı bu albomla U.Hyuston ikinci “Grammy” müfakatını qazanır. Müğənni 1992-ci ildə aktyor Kevin Kostnerlə "Cangüdən" ("The Bodyguard") filmində baş rolda çəkilib. Həmin filmdə onun ifa etdiyi "I will always love you" mahnısı müğənnini daha da şöhrətləndirib. Dünyaşöhrətli ifaçı Uitni Hyuston 2012-ci il fevral 11-də Los-Anceles şəhərinin "Beverly Hilton" mehmanxanasında qaldığı otağında vəfat edib.