İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Pakistanın “MUSLIM Institute” beyin mərkəzinin Azərbaycanda səfərdə olan nümayəndəsi Asif Tənvir Avan ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİTKM-in strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova ölkədə aparılan iqtisadi islahatlar və Pakistanın beyin mərkəzləri ilə İİTKM arasında həyata keçirilən əməkdaşlıq barədə məlumat verib.
Həmçinin ərazilərimizin işğaldan azad edilməsi, Azərbaycan həqiqətlərinin Pakistanda və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə və mətbu orqanlarda dünya ictimaiyyətinə çatdırılması sahəsində “MUSLIM Institute” tərəfindən görülən işlər yüksək qiymətləndirilib.
“MUSLIM Institutu”nun nümayəndəsi Asif Tənvir Avan dünyada sülh və sabitliyin təşviqinə həsr olunan tədqiqat institutu olaraq, qaçqınlar problemi, iqtisadi, təhlükəsizlik və sosial problemlərin araşdırılması sahəsində “qonaq tədqiqatçı” proqramı çərçivəsində İİTKM-lə birgə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını ifadə edib.