Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, martın 28-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbul ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/ linki vasitəsilə məlumat almaq mümkündür.